Bakının layihəsi: Tehran İrəvanı aldatdı, Nikol “ayıldı”…

Bakının layihəsi: Tehran İrəvanı aldatdı, Nikol “ayıldı”…

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Zəngəzur dəhlizinin cəlbediciliyinin azaldığı barədə açıqlaması, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol-dəhlizin İrandan keçməsi üçün Tehranla müqavilələr imzalanması və işlərə başlanması ciddi rezonans doğurub.

AzerTimes xəbər verir ki, Ermənistan hakimiyyəti külli miqdarda gəlir gətirən və ölkənin xaricə çıxışı üçün unikal imkanlar yaradan daha bir transmilli layihədən kənarda qaldığını görərək, yeni təkliflərlə çıxış etməyə başlayıb. Paşinyan sadələşmiş vergi və gömrük proseduru təklifi ilə həm Şimal-Cənub, həm də Orta Dəhliz üçün “xəritəsini” də təqdim edib. Paşinyanın əl-ayağa düşməsindən isə görünür ki, rəsmi İrəvan Zəngəzur dəhlizini yenidən müzakirə masasına qaytarmağa çalışır.

Burda ən diqqətçəkən məqam İranın mövqeyidir. Zəngəzur dəhlizinə qarşı kəskin mövqe ortaya qoyan İranın Azərbaycana həvəslə dəhliz verməsi və dərhal saziş imzalaması isə Ermənistanı “ayıldıb”. Belə məlum olur ki, İranın Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” iddiaları yalnız layihədən kənarda qalmasından doğan narahatlıqları imiş, baxmayaraq ki, bu dəhlizdən İranın da maksimum faydalanacağı bəlli idi. Belə ki, Culfa istiqamətindən İran bu layihəyə qoşularaq, əsas istifadəçilərdən biri olacaqdı.

Ancaq görünür ki, İran dəhlizə qoşulmaq yox, əsas yolun bir hissəsinin ərazisindən keçməsində və Ermənistanın kənarda qalmasında maraqlı imiş.

Ermənistan Baş naziri Paşinyanın ortaya yeni təkliflər qoyması və müzakirəyə açıq olduğunu bildirməsi yenidən Zəngəzur dəhlizini müzakirəyə qaytara bilər. Belə məlum olur ki, bu, İranın maraqlarına qəti uyğun deyil. Elə buna görə də İran ekspert və mediası artıq buna qarşı təbliğata başlayıb. Onlar iddia etməyə başlayıblar ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyib, İranla razılaşma Ermənistana “təsir” vasitəsidir.

Ermənistan mediasının da həvəslə paylaşdığı Avrasiya məsələləri üzrə iranlı ekspert Şöayib Bəhmən “Pars Tudey”ə bildirib ki, Zəngəzur dəhlizi Bakı və Ankaranın asanlıqla imtina edə biləcəyi layihə deyil:

“Bu, onunla bağlıdır ki, son üç ildə Qafqaz regionundakı bütün hadisələr məhz bu layihənin təbliği sayəsində baş verib. Yəni həm İkinci Qarabağ müharibəsi, həm də regionda baş verən digər hadisələr Bakı və Ankaranın rəhbərlik etdiyi bu möhtəşəm layihəyə uyğun gedirdi və eyni zamanda pərdə arxasında onlar başqa aktorlar tərəfindən də dəstəklənirdi. Ona görə də bu layihə İranla Azərbaycan arasında yeni tranzit xəttinin çəkilməsi ilə bitməyəcək. Çünki bu, pantürkist və panturanist cərəyanların sahib olduğu və arxasınca getdiyi köhnə arzudur”.

O, İlham Əliyevin və Azərbaycan hökumətinin apardığı siyasəti “ikili davranış” kimi təqdim etməyə də çalışıb:

“Azərbaycan hakimiyyəti alternativ yol təklif etməklə Ermənistanı təxribata çəkmək niyyətindədir, halbuki, İran yolu (Azərbaycanı Naxçıvanla birləşdirən yol – red) alternativ sayılmır. Bu marşrut 30 ildir mövcuddur və Azərbaycan ondan minimal xərclə istifadə etdiyi üçün bu marşrut heç də alternativ marşrut deyil.

“B planı”nı gündəmə gətirməklə Bakı Ermənistan hökumətini təxribata çəkmək və İranın İrəvana tranzit marşrutlarının iqtisadi səmərələrindən istifadə etməsinə imkan vermədiyi fikrini aşılamaq istəyir və ona görə də Paşinyan hökuməti dəhlizdəki tikintini bu dəfə danışıqlar masası arxasında müzakirə etmək niyyətindədir. Azərbaycanın davranışı və mövqeyi göstərir ki, onlar çox köhnəlmiş və sonda nəyə nail olmağa çalışdıqları aydın olan bu layihəni impulsiv şəkildə təbliğ etməyə çalışırlar”.

Burda zəruri olan bir neçə məqam var: Əvvəla, Bakıdan İran vasitəsilə Naxçıvana “30 ildir istifadə olunan yol” Azərbaycanın qərb rayonlarından keçmir, Astaradan keçir və İran ərazisində böyük bir ərazi qət edir. Hazırda imzalanan sazişə əsasən isə Araz üzərindən atılan körpülərlə İran ərazisindən keçəcək yol-dəhlizin uzunluğu cəmi 50 km-dir.

İkincisi, Bakı ən səmərəli, daha az xərcli, daha yaxın və sürətli kommunikasiya qurmağa çalışır, hazırda Zəngəzur dəhlizinin cəlbediciliyinin azalması da Azərbaycanın deyil, İranın siyasətinin nəticəsidir. İran Ermənistana bu dəhliz üçün ciddi təzyiq etməklə, bu proyekti “öz qabağına” çəkdi və bunu Ermənistan da gördüyü üçün canfəşanlığa başlayıb. Burda müzakirə ediləsi məsələ İranla Ermənistan arasındadır. Elə iranlı ekspert də bunu açıq şəkildə deyir – amma “başqa don” geyindirməklə.

Bütün bunlara baxmayaraq, İran ekspertləri və təbliğat maşını hələ də Ermənistana təzyiq edərək, İrəvanın bu layihədən tam kənarda qalmasına çalışır.

Söayib Bəhmən sözügedən açıqlamasında bildirir ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində Zəngəzur yolu Laçın yolundan istifadə müqabilində Azərbaycana təklif edilib. Hazırda Qarabağ Azərbaycanın tam nəzarətinə keçdiyi və Laçın dəhlizinin mövcudluğu tarixə gömüldüyü üçün İrəvan da Zəngəzur dəhlizindən tam imtina etməlidir.

Maraqlıdır ki, erməni mediası da Nikol Paşinyanın 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndini məhz bu səbəbdən ləğv edəcəyi ilə bağlı komandasını bilgiləndirdiyi haqda məlumat yayıb.

Belə görünür ki, əsas diqqət Ermənistan Baş nazirinin Zəngəzur dəhlizinin İrandan keçməsinə qarşı yeni təkliflərlə çıxış edib, Ermənistandan yol təklif etməsinin masaya daşınmasına imkan verməməkdir. Çünki hələlik İrandan keçəcək yol üçün körpülərin yalnız təməli qoyulub və böyükmiqyaslı işlər başlamayıb. Əgər Ermənistan bir az da gecikərsə, Zəngəzur dəhlizi bütövlükdə gündəmdən çıxacaq.

İranın Ermənistandan keçən Zəngəzur dəhlizinə imkan verməməsinin, bununla bağlı Ermənistana siyasi-təbliğati təzyiqinin və qurduğu oyunun əsas səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, heç də iqtisadi maraq deyil. Əgər Ermənistan Zəngəzur dəhlizinə razı olsa, İrəvanın Bakı-Ankara ilə iqtisadi-siyasi əlaqələri güclənə, xaricə çıxış imkanları genişlənə, iqtisadi müstəqilliyi arta və İrandan ticari-iqtisadi asılılığı əhəmiyyətli dərəcədə azala bilərdi. Başqa şəkildə desək, Ermənistan iqtisadi baxımdan türk ölkələri ilə bağlı olar və İranın bu ölkəyə siyasi təsiri əhəmiyyətli dərəcədə azalardı.

İran məhz buna imkan verməməyə çalışır. Paşinyanın Gürcüstanda səsləndirdiyi təklif və nümayiş etdirdiyi xəritədən doğan təlaşının da səbəbi budur.

Azərbaycan isə, iranlı ekspert Bəhmənin dediyinin əksinə olaraq, kimsəni təxribata çəkmir, iqtisadi layihələrini həyata keçirir və ən ucuz, ən münasib variantları tətbiq etməyə çalışır. Ermənistanın Zəngəzurdan siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdi isə alınmadı və yaxud Ermənistanın özünü ofsaytda qoydu.

Teqlər: