Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində ən böyük və məhsuldar vasitəçilik təcrübəsinə malikdir.
Bu sözləri AzerTimes-a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
O bildirib ki, mehriban qonşuluğu bərpa etmək üçün Bakı və İrəvan bütün imkanlardan yararlanmalı və müxtəlif platformalardan vasitəçilik təkliflərini qəbul etməlidirlər:
“Nəzəri cəhətdən birbaşa dialoq qoyulmuş məsələnin həllini yaxınlaşdırır. Amma praktikada biz eyni Avropa bürokratiyasının və ya demokratik ABŞ administrasiyasının birtərəfli mövqeyini və qərəzli münasibətini görürük ki, bu da sülhyaratma baxımından tamamilə qəbuledilməzdir; hələ indiki halda Fransa rəhbərliyinin Azərbaycana qarşı açıq düşmənçilik siyasəti və Ermənistanı hərbi münaqişəni yenidən başlamağa təşviq etməsi də göz önündədir”.
Arkov qeyd edib ki, Bakının Moskvanın təklifinə müsbət reaksiyası tamamilə məntiqli və başadüşüləndir:
“Azərbaycan gözləyir ki, Rusiyanın iştirakı ilə Ermənistanla danışıqlar növbəti dəfə konkret mühüm nəticələrə gətirib çıxaracaq. Nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu isə öz ölkələri ilə yanaşı, həm də qonşularının inkişafı üçün geniş imkanlar açacaq”.