Bakının Kiyevə silah verməsi: Bu yalanı hansı ölkə yayır?

Bakının Kiyevə silah verməsi: Bu yalanı hansı ölkə yayır?

Azərbaycanın Ukraynaya gizli silah verməsinə dair iddia ortaya atılıb. İddianın İraq mediasında peyda olması ilk baxışdan qəribə görünə bilər, hərçənd, bu, əvvəl də istifadə edilmiş mexanizmdir və infotəxribatın arxasında İranın dayandığı bəllidir.

2019-cu ildə İsrail İraqda İrana bağlı Həşdi-Şəbi qruplaşmasına zərbələr endirəndə “PUA-ların Azərbaycandan qalxdığı” iddiası ortaya atıldı, ardınca İran, Rusiya və Ermənistan mediasında tirajlandı, daha sonra Qərbdə müəyyən media resurslarına yol tapıldı və nəhayət, region ölkələrinin mediası Qərb mediasına istinadən “etibarlı” informasiya kimi yayımladı. Bu, Bakıya qarşı siyasi təzyiq oyunlarının bir hissəsi idi.

Azərbaycanın Ukraynaya “silah göndərməsi” iddiası da eyni mexanizmlə yayımlanır.

İraqın “Sabereen News” saytı – media resursunun İrana yaxınlığı bəllidir – bu iddianı əldə etdiyi “məxfi fayl” olaraq yayımlayıb: Rusiyada erməniyönümlü media resurları, həmçinin, Ermənistan mediası sayta istinadla tirajayır.

Bu infotəxribatın təşkilatçısı olan İranın və tirajlanmasını həyata keçirən Ermənistanın hədəfi var: Rusiya-Azərbaycan münasibətlərini baltalamaq, Moskvanı Bakıya qarşı addımlara sövq etmək; xüsusilə Moskvada Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyin formalaşmasına nail olmaq, yaxud ən azı prosesi ləngitmək;

İddianın Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media resurslarına “yol tapacağı”, daha sonra “etibarlı məlumat” kimi yenidən “idxal” ediləcəyi də istisna deyil.

Teqlər: