Oktyabrın 16-da Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirilib.
AzerTimes xəbər verir ki, brifinqdə çıxış edən “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov EPF Koalisiyasının yaradılmasının məqsədindən danışıb.
O bildirib ki, Ermənistan Azərbaycanın Naxçıvanla həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası”nın (Espo) kobud şəkildə pozulması demək idi. Lakin Azərbaycan tərəfinin etirazından sonra bu iş dayandırıldı.
İctimai Şuranın sədri qeyd edib ki, 2023-cü ildə “Azərkosmos” tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən 20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmik təsvirləri təqdim edilib. Həmin təsvirlərdə 1990-cı illərin sonlarından və son üç ilə yaxın müddətdə həmin ərazilərdəki dəyişiklik, torpaqların vizual təsviri əks olunurdu.
“2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçə QHT tarixi torpağımızda – Amuldağ yatağı olan ərazidə yeni yataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarına etiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarına etiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həmin QHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdə günahlandırıblar”, – deyə A.Məmmədov vurğulayıb.