Bakının ən hündür 10 binasından biri – Yelkən otel

Bakının ən hündür 10 binasından biri – Yelkən otel

Bakıdakı ən diqqətçəkən binalardan biri də “Tramp Tover”dir (Trump Tower – Tramp qülləsi).

AzerTimes xəbər verir ki, paytaxtın Heydər Əliyev və Babək prospekti, Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən “Tramp Tover Baku” və ya indiki adı ilə “Yelkən otel”in hündürlüyü 130 metrdir. 33 yerüstü mərtəbədən ibarət tikili Azərbaycanın 10 ən yüksək binalarından biri hesab edilir.

Binanın dizaynını Londonda yerləşən “Mixity Design Ltd” şirkəti hazırlayıb, inşaat işlərini isə “Garant Holding” həyata keçirib.

Tikilinin bünövrəsi 2009-cu ildə atılıb. 2011-ci ilin sonuna kimi isə binanın beton çərçivəsi tikilərək, eksteryeri şüşə ilə təchiz olunub. Fasadın bəzədilməsi üzrə bütün çöl işləri 2015-ci ildə başa çatdırılıb. Bundan əlavə, binada 11 sürətli lift quraşdırılıb. Qüllə 72 möhtəşəm apartament və 189 otel nömrəsindən ibarətdir.

Futuristik memarlıq üslubuna malik qüllənin işıqlandırması üçün binanın tilləri və qövsşəkilli kənarları boyunca LED ekranlardan istifadə olunub.

Oteldə müxtəlif görüş və tədbirlərin keçirilməsi üçün 2800 kvadrat metr sahəyə malik zal mövcuddur. Kompleksin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitness və biznes mərkəzi, təmtəraqlı restoran var.

2014-cü ildə Tramp “Trump İnternational Hotel & Tower Baku”nun “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biri olduğunu qeyd edib. Amma onun adını daşıyan binaların bir çoxu kimi Bakıdakı otel də ona məxsus olmayıb.

Donald Tramp prezident seçkisi kampaniyası dövründə biznes sazişindən çıxandan sonra Bakıda tikilmiş göydələndən “Tramp” lövhəsi çıxarılıb.

Qeyd edək ki, hazırda otel Amerikanın çoxmillətli şirkəti olan “The Ritz-Carlton Hotel Company” MMC tərəfindən idarə olunur.

Teqlər: