Azərbaycanın antiterror tədbirləri 24 saatdan az vaxt ərzində tam mənada bütün məqsədlərinə çataraq uğur qazandı. Antiterror tədbirlərində Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlığını və qarşıya qoyulmuş vəzifələri tam həll etmək bacarığını nümayiş etdirdi.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Söhbət siyasi aspektdən gedirsə, o zaman istər erməni lobbiçilərinin, istərsə də Azərbaycan əleyhdarlarının Bakıya irimiqyaslı hərbi-siyasi təzyiq göstərməsinin qarşısını almaqda yenə də zaman faktoru əsas rol oynadı, çünki antiterror əməliyyatının ilk günündə bütün əsas məsələlər həll edildi. Nəticədə, hərbi uğurlar Bakıya qarşı genişmiqyaslı təzyiq kampaniyası üçün bütün mümkün siyasi hazırlıqları dəyərdən saldı və bu kimi cəhdlər mənasını itirdi. Bu hallar Bakının son dərəcə uğurlu əməliyyatından xəbər verir”,- o bildirib.
Korotçenko qeyd edib ki, antiterror tədbirlərinin uğurunda bir neçə amil rol oynadı:
“Birincisi, Azərbaycan Silahlı Qüvvələri separatçıların nəzarət etdiyi ərazidə baş verənlərdən çox yaxşı xəbərdar idi, ikincisi, hərbi hədəflərin və obyektlərin cərrahi yolla məhv edilməsi üçün dəqiq silahlardan maksimum istifadə edildi, üçüncüsü, təlim keçmiş xüsusi təyinatlılar irəliləyərək, əməliyyata lazımi dəstəyi təmin edə bildilər, dördüncüsü, bütün hadisələr ildırım sürəti ilə inkişaf etdiyi üçün Qərbin güc mərkəzlərindən separatçılara siyasi dəstək mümkün olmadı.
Bu, əməliyyatın vaxtı və yerinin vəziyyətin aydın təhlili əsasında seçildiyini deməyə əsas verir. Hesab edirəm ki, yaxın günlərdə erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisini tam tərk edəcəklər. Buna paralel olaraq separatçıların qanunsuz silahlı birləşmələri artıq tərk-silah edilir və bu proses davam edir”.