Bakının bu prospektində yerüstü piyada keçidindəki problem nə vaxt həllini tapacaq? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən yerüstü piyada keçidində eskalatorun işləməməsi vətəndaşlara çətinlik yaradır.

Belə ki, keçiddə ayrıca pilləkənlər yoxdur. Keçidə çıxıb-düşmək üçün yalnız eskalator quraşdırılıb ki, bu da bir neçə aydır işləmir. Hazırda piyadalar yerüstü keçidin işləməyən eskalatorundan istifadə etmək məcburiyyətindədirlər. Eskalatorun pillələri arasındakı məsafənin böyük olması isə bu çətinliyi ikiqat artırır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Trend-ə bildirib ki, məsələdən xəbərdardırlar.

Onun sözlərinə görə, Agentlik yaranmamışdan əvvəl yerüstü piyada keçidlərində eskalatorlar quraşdırılıb və eskalatorlardan əlavə adi pilləkənlər qoyulmayıb. Son illər isə Agentlik tərəfindən inşa olunan keçidlərdə eskalatordan istifadə edilmir.

A.Nəcəfli qeyd edib ki, artıq eskalatorun ehtiyat hissələrini xaricdən sifariş veriblər: “Lakin ehtiyat hissələrinin nə vaxt gələcəyi və problemin nə vaxt həll olunacağı məlum deyil”, – Agentlik rəsmisi qeyd edib.

Teqlər: