Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik hərbi birləşmələri və erməni daşnak quldurlarından azad edilməsindən 103 il ötür.
1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin işğalı altında idi. Buna görə də AXC-nin mərkəzi Gəncədə yerləşirdi. Milli hökumətin əsas vəzifələrindən biri də Bakını erməni-bolşevik dəstələrindən azad etmək idi. Lakin qüvvələr nisbəti bərabər deyildi.
Belə bir vaxtda türk qardaşlarımızın köməyinə ehtiyac duyulur və Türkiyədən kömək istənilir. O zaman Türkiyənin hərbi naziri Ənvər Paşa qardaşı Nuru Paşanı hərbi hissələrlə Azərbaycana göndərir.
Nuru Paşa Gəncədə hərbi hissələri hazırlamağa başlayır. Bolşevik-daşnak qüvvələri bütün cəbhələrdə məğlubiyyətə uğrayır.
1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar. Bununla da erməni-bolşevik birləşmələrinin Bakıdakı ağalığına son qoyulur.
Bu tarixi gün heç zaman yadımızdan çıxmayacaq. Azərbaycan-Türkiyə qardaşlığı gələcək nəsillərə də ötürüləcək.
Biz Türkiyənin siyasi və mənəvi dəstəyini ikinci Qarabağ müharibəsində də gördük. 44 günlük Vətən Müharibəsi dövründə Türkiyə birmənalı olaraq Azərbaycana dəstək verdi. Qazandığımız qələbədən sonra da türk qardaşlarımızın dəstəyi davam etməkdədir. 2020-ci il 10 noyabr bəyanatından sonra Qarabağda Rusiya-Türkiyə birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Türkiyənin həmin mərkəzdə olması bizim üçün çox vacibdir.
Azərbaycan-Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər yüzilliklərə söykənir.
Fərid Zöhrabov
Trend