İrəvan da, Bakı da seçim etməli olduqlarını çoxdan anlayıb və bu seçimi edib, ən azından hazırda belə təəssürat yaranır. Belə bir seçim zərurəti Azərbaycanı İranla əməkdaşlığı tənzimləməyə, yeni kommunikasiyalar üzrə razılaşmalar əldə etməyə, ritorikanı dəyişməyə, ən yüksək səviyyədə təmasları intensivləşdirməyə məcbur etdi. Azərbaycanın Rusiya ilə münasibətləri dəyişməyib, deyə bilərik ki, tərəflər arasında etimad var.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.
“İrəvanda isə vəziyyət başqadır, Ermənistan-Rusiya münasibətlərində ciddi, görünməmiş donma var, İranla münasibətlərin ənənəvi vəziyyətdə olduğu görünür, lakin Tehran mütəmadi olaraq üçüncü tərəflərin regionda mövcudluğunun yolverilməzliyini bəyan edir, Təhlükəsizlik Şurası səviyyəsində tərəflər arasında fəal ünsiyyət mövcuddur. Bu, Ermənistanın qərbləşdirilməsi ilə bağlı tərəflər arasında dialoqun aktiv mərhələdə olduğunu göstərir. Qərb, indiki halda ABŞ münaqişənin sülh naminə deyil, onun düşmənləri olan Rusiya və İranın təsirini azaltmaq üçün həll edilməli olduğunu gizlətmir. Ona görə də Amerikanın qarşıdakı həftələrin həlledici olacağına ümidləri özünü doğrultmadı, çünki Bakı tərəflərin Qərblə bağlı niyyətlərinə aydınlıq gətirməli olan görüşdən imtina etdi. Buna əsaslanaraq güman etmək olar ki, Azərbaycan Qərb platformalarında danışıqlar aparmaq niyyətində deyil, çünki həmin palatformalardan mümkün faydalarını artıq əldə edib. Eynilə, bir müddət əvvəl Azərbaycan Moskvanın təkliflərini rədd etdi və Ermənistanla razılaşaraq Praqada və digər Qərb paytaxtlarında danışıqları davam etdirdi. Bu, tərəflər arasında mürəkkəb danışıqlardır ki, onlar geosiyasi vəziyyətdən istifadə edərək, daim öz qiymətini artırmağa və prosesdən faydalanmağa çalışırlar. Lakin Ermənistan bunu edə bilmədi və edə də bilməz, əksinə, onlar üçün mühüm əhəmiyyət kəsb edən Ermənistan-Rusiya və Ermənistan-İran münasibətləri İrəvanın onsuz da çətin qonşuluğu şəraitində pisləşir”, – o bildirib.