Bakının 1404 şagirdi respublika fənn olimpiadasının yarımfinal turunda iştirak hüququ qazanıb (FOTO)

Xəbər - İlhamə İsabalayeva – Trend:

Respublika Fənn Olimpiadalarının Bakı şəhər mərhələsinin nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin 1 404 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Onlardan 430 nəfər Azərbaycan dili və ədəbiyyatı, 91 nəfər biologiya, 118 nəfər coğrafiya, 101 nəfər fizika, 32 nəfər informatika, 99 nəfər kimya, 342 nəfər riyaziyyat, 191 nəfər isə tarix fənni üzrə şəhər turunda müvəffəqiyyət əldə edib.

Müsabiqənin şəhər mərhələsinin nəticələri ilə www.olimpiada.edu.az saytından, yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə etmək mümkündür.

Şəhər mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə göndərilib. Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Teqlər: