Bakıətrafı kəndlərin internet probleminin aradan qaldırılması üçün hansı işlər görülür?

Xəbər - Fərid Zöhrabov -Trend:

Hazırda Baktelecom tərəfindən Bakıətrafı qəsəbələrdə optik
şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və müasir
telekommunikasiya xətlərinin çəkilişi intensiv şəkildə həyata
keçirilir. Artıq genişzolaqlı şəbəkə istismara verilən ərazilərdə
sakinlərə yüksəksürətli internet xidmətləri təqdim edilir.

Bunu Trend-in sorğusuna cavab olaraq Baktelecom-dan
bildiriblər.

Binə qəsəbəsində 2022-ci ilin sonunadək 10 000 nömrə tutumlu
optik şəbəkənin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq
qəsəbənin Südçülük sovxozunda sakinlərin genişzolaqlı xidmətlərə
qoşulmasına başlanılıb.

Kürdəxanı, Maştağa və Məhəmmədi qəsəbələrinə gəlincə, sözügedən
ərazilərdə optik infrastrukturun qurulması işləri üzrə hazırlıq
prosesi aparılır. Cari ilin sonunadək 20 mindən yuxarı istifadəçi
tutumlu şəbəkənin tikintisi nəzərdə tutulub. Telekommunikasiya
infrastukturu tam inşa edildikdən sonra sakinlərin telefon və
internet xidmətləri ilə təminatı həyata keçiriləcək.

Aparılan yenidənqurma işləri ilə ərazidə rabitə xidmətlərinə
mövcud tələbat tam şəkildə aradan qaldırılacaq.

Bir müddət öncə baktelecom.az saytında genişzolaqlı xidmətlərin
əhatə dairəsini onlayn yoxlama funksiyası aktiv edilib. Paytaxt
sakinləri https://baktelecom.az/qoshulmani-yoxla
linki üzərindən ünvan və ya telefon nömrəsi əsasında rahatlıqla
optik xidmət imkanını yoxlaya bilərlər.

Məlumat üçün bildirək ki, Baktelecom tərəfindən Bakı şəhəri və
ətraf qəsəbələrdə 300 min istifadəçi tutumlu optik inrastruktur
üzərindən 150 000 mənzilə keyfiyyətli xidmət göstərilir. GPON
(Gigabyte Passive Optical Network) texnologiyası əsasında tikilən
şəbəkə tam sabit sürətə zəmanət verir, telefon, internet və
televiziya xidmətlərini bir xətt üzərindən ötürməyə imkan
yaradır.

Twitter:@FaridZohrabov

Teqlər: