Bakıdan Xankəndiyə göndərilən unun keyfiyyəti… – Açıqlama

Bakıdan Xankəndiyə göndərilən unun keyfiyyəti… – Açıqlama

Bakıdan Xankəndiyə göndərilən 40 ton un məmulatının köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddiaları əsassızdır.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına deyib.

O bildirib ki, hər birində 20 ton olmaqla iki yük maşınına yüklənmiş əla növ ərzaqlıq buğda unu 28 avqust 2023-cü ildə istehsal edilib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

“Blumberq”, “BBC”, “Getty İmage” və digər media qurumlarının əməkdaşları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti öyrənmək üçün humanitar yükün gözlədiyi əraziyə gəliblər.

Xatırladaq ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.

Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir.

Teqlər: