Xəbər verdiyimiz kimi, Türkiyədə ötən gün baş verən ardıcıl güclü zəlzələlər kütləvi tələfata, dağıntılara səbəb olub.
AzerTimes xəbər verir ki, qardaş ölkəyə ilk yardım göstərən ölkə Azərbaycandır. Azərbaycanda əhali də yardım kampaniyasına qoşulub və Türkiyədə zəlzələdən zərər çəkənlərə ianə edir.
Yardım kampaniyasını Azərbaycan Qızıl Aypara Cəmiyyəti başladıb. Kampaniya cəmiyyətin sədri, millət vəkili Novruz Aslanın müraciəti ilə ötən gün start götürüb.
Azərbaycan informasiya resurslarında AFAD-ın birbaşa öz hesabına yardım etmək üçün elanlar da gedir və Azərbaycan vətəndaşları bu hesaba da ianə edirlər. Ancaq AFAD hesabına Bakıdan göndərilən yardımlara görə külli miqdarda vergi tutulur.
Yardıma qoşulanlardan olan Ramil Quliyevin bu barədə redaksiyamıza təqdim etdiyi qəbzlərdən belə məlum olur ki, “Muğanbank”ın kartı ilə AFAD-a “Ziraat Bank Azərbaycan” vasitəsilə ianə üçün ödənilən 500 ABŞ dollarına görə 153 manat ƏDV olaraq tutulub.
“Muğanbank”dan redaksiyamıza bildirilib ki, 18%-lik ƏDV “Azərikard” tərəfindən tutulur.
“Azərikard”dan isə qeyd edilib ki, bu vergi nağdsız olunan bütün əməliyyatlara şamil olunur və “əməliyyat”ın məqsədi, onun yardım və yaxud ianə olduğu nəzərə alınmır.
Xatırladaq ki, ianədən yüksək faizlə ƏDV tutulması ciddi narazılığa səbəb olub. Bu barədə sosial şəbəkələrdə də qəbzlər paylaşılır və etirazlar edilir. İnsanlar ianə etdikləri üçün ƏDV-yə cəlb olunmalarını məntiqsizlik adlandırırlar.
Ən azı indiki dönəmdə, zəlzələdən zərər görənlərə yardım kampaniyası zamanı ƏDV-ni ləğv etmək olmazmı? İnsanların qardaş ölkəyə yardımından bankla mütləq xeyirmi götürməlidir?
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərilib.