Pakistan düyü ixracatında lider ölkələrdən biridir, düyü bu ölkənin əsas gəlir mənbələrindəndir. Azərbaycanın Pakistanla sıx əlaqələri qərarın qəbuluna səbəb ola bilər. İstənilən halda 15%-lik idxal rüsumunun ləğvi qiymətlərə 10-12%-dək təsir edəcək, ən azından bahalaşmanın qarşısını alacaq.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli AzerTimes-a açıqlamasında Pakistandan Azərbaycana idxal olunan düyünün gömrük rüsumundan azad edilməsi ilə bağlı danışarkən deyib.
“Son zamanlar Pakistanın bir çox ölkələrlə münasibətlərinin gərgin olması ölkənin beynəlxalq bazara çıxış imkanını məhdudlaşdırırdı. Çox güman ki, Pakistan tərəfindən bu məsələ ilə bağlı Azərbaycana müraciət olunub. Azərbaycan düyü ixracatı baxımından cəlbedici bazardır”, – ekspert qeyd edib.
N.Cəfərlinin sözlərinə görə, Pakistan düyüsünə idxal gömrük rüsumunun ləğvi həm bu ölkədən idxalı artıracaq, həm də Azərbaycanda qiymətlərin tənzimlənməsinə müəyyən qədər şərait yaradacaq:
“Əgər Pakistandan idxal edilən düyü ucuz və keyfiyyətli olacaqsa, faktiki olaraq İrandan düyü idxalı azaldacaq”.