Bakıdan Moskvaya xüsusi çarter aviareysi olacaq

Bakıdan Moskvaya xüsusi çarter aviareysi olacaq

Həftənin çərşənbə günü, avqustun 5-də, “Azərbaycan Hava Yolları” Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

AZAL-dan verilən məlumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiyanın Azərbaycandakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

– Diplomatik və xidməti pasportu olan əcnəbilər;
– Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı saytda qeyd edilmişdir:

azal.az/az/article/31082015

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyalarda virus testi verilməlidir. COVID-19 testini vermək məcburidir.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

– Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;
– Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;
– “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;
– Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;
– Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;
– “Təbabət” (“Medisina”) SC;
– “İNVİTRO müstəqil laboratoriyası” MMC;
– “Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;
– “Laborator-diaqnostika mərkəzi” MMC;
– “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.