Bakıdan gedən növbəti sərnişinlər Ağdamda (FOTO)

Ağdam. Aslan Məmmədli -Trend:

Bakıdan çıxan növbəti sərnişin avtobusu Ağdama çatıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən növbəti Bakı-Ağdam-Bakı marşrutları start götürüb.

Səfər iştirakçıları ilk olaraq Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksinə gəliblər. Burada ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarı və digər erməni vandallığına məruz qalmış tarixi abidələrlə tanış olublar.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.


Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə “yolumuzqarabaga.az” portalı yaradılıb.

Teqlər: