Bakıdan 4 diplomatı qovulan İranın reaksiyası…

Bakıdan 4 diplomatı qovulan İranın reaksiyası…

Ötən gün Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfiri Abbas Musəvini dəvət edərək, Tehranın Azərbaycana münasibətdə nümayiş etdirdiyi təxribat xarakterli fəaliyyətə ciddi narazılıq bildirdi, həmçinin, İran səfirliyinin 4 əməkdaşı “persona non qrata” elan edildi, onların Azərbaycanı tərk etməsi üçün 48 saat vaxt verildi.

Bu gün İran səfirliyinin sözügedən əməkdaşları – Mirmehdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzər ölkəmizi tərk etdilər.

Eyni zamanda, bu gün Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanata reaksiya verdi və kifayət qədər məntiqli və əsaslı sübutlarla, Tehranın Bakıya qarşı yürütdüyü siyasətin təxribat olduğunu göstərdi.

Az qala hər gün Azərbaycana qarşı təxribatçı materiallar yayan, ölkəmizi hədələyən, hətta Bayrağımızı “Şahid”lərlə “yarıb keçən” multfilmlər tirajlayan, Ermənistan ərazisini qırmızı qələmlə işarələyib, “qırmızı xətti” olduğunu bildirən və Azərbaycana barmaq silkələyən SEPAH-a bağlı media və sosial şəbəkələrdə heç bir reaksiya yoxdur. Ötən gün Azərbaycanın 4 İran diplomatını ölkədən çıxarması xəbərini, bu gün isə Milli Məclisin bəyanatını yaymaqla kifayətləniblər.

Hər bir halda özləri də yaxşı bilir ki, Tehrandakı səfirliyimizə terror aktı təşkil edib, qətl törətməklə diplomatik missiya nümayəndəsini ortaya fakt qoyaraq, ölkədən çıxarmaq arasında böyük fərq var. Etiraz edərlərsə, ortaya fakt və sübut, hətta video da qoyula bilər – çünki DTX da “video çəkə bilir”, ancaq o videolar SEPAH-ın multfilmlərinə qətiyyən bənzəmir!

Azərbaycan İrana adekvat davranmır, İranın hansısa millət vəkilinə qarşı da terror hücumu həyata keçirmir, ancaq təxribatlara və casus fəaliyyətinə beynəlxalq qanunlara uyğun şəkildə cavab verir.

İranın Azərbaycana qarşı irad və iddialarının heç bir əsası olmadığını Tehran da çox gözəl bilir. Son aylar baş verənlər yalnız və yalnız hədə-qorxu, terror və dini-radikallardan sui-istifadə ilə Azərbaycan daxilində gücünü göstərmək, Azərbaycanı milli hədəflərdən yayındırmaq idi.

Nəticə ala bilmədilər – nə günlərlə çəkdikləri hədə-qorxu cizgi-filmləri, nə də SEPAH generallarının təhdidləri Azərbaycanı ədalətli və milli mövqeyindən çəkindirmədi. Əksinə, Azərbaycan müstəqil dövlətə məxsus iradə nümayiş etdirərək, hələ aylar öncə İran səfirliyinin toxunulmazlığa malik maşınlarından qadağan edilən təbliğat materiallarının daşınması üçün istifadə edildiyi haqda xəbərdarlığına məhəl qoymayan Tehrana hüquqi-diplomatik cavab verdi – diplomatları ölkədən qovmaqla.

Bu reaksiya, daha doğrusu, reaksiyasızlıq Tehranın indiyə qədər yanlış siyasət yürütdüyünü anlaması və Azərbaycana qarşı təxribatlara son qoyması anlamına gələ bilərmi?

Təki elə olsun – əhalisinin yarısını soydaşlarımızın təşkil etdiyi, minillik tarixi-dini bağımız olan bir dövlətin təxribatlardan əl çəkməsi ən böyük istəyimizdir. Bu gün İran təqvimi ilə istirahət günüdür, sabahkı reaksiyalardan Tehranın mövqeyini öyrənə biləcəyik.

Yeri gəlmişkən, bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Rəisi arasında da telefon danışığı baş tutub. Danışıqların təfərrüatı açıqlanmasa da, “regional proseslər müzakirə edilib” ifadəsi kifayətdir ki, Ərdoğanın Rəisiyə Bakı-Tehran münasibətləri ilə bağlı mövqeyini bildirdiyini təxmin edəsən…

Teqlər: