Bakıdakı Milli Gimnastika Arenasındakı gözəl şəraitdən məmnunam – Türkiyə idmançısı

Bakıda Milli Gimnastika Arenasında yaradılan gözəl şəraitdən
məmnunam.

Bu barədə AzerTimes-a
Türkiyəli idmançı, Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya
Kubokunun iştirakçısı Adem Asil deyib.

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. Mən bura böyük
məmnuniyyətlə gəlirəm, burada bizi həmişə çox səmimi qarşılayırlar.
Milli Gimnastika Arenası idmançıların məşq edə, dincələ və
sağlamlıqlarına diqqət yetirə biləcəyi əla kompleksdir. Burada hər
şey ən xırda detallara qədər düşünülmüşdür”, – deyə A.Asil qeyd
edib.

Davam edən Dünya Kubokunda rəqiblərindən danışan türkiyəli
gimnast rəqiblərin hamısının güclü olduğunu vurğulayıb.

“Bakıda keçirilən Dünya Kubokunda olimpiya mükafatçıları, dünya
və Avropa çempionları – bütün təcrübəli gimnastlar iştirak edir.
Türkiyənin də güclü və layiqli komandası var, yaxşı nəticə
göstərəcəyimizə inanıram”, – deyə o əlavə edib.

A/Asilin sözlərinə görə, o, təsnifat mərhələsinin ilk günündəki
çıxışından razı qalıb:

“Bu gün iki proqram üzrə çıxış etdim və finala çıxdım. İlk
sıralanma günündə bir az narahat oldum, amma ümumilikdə nəticədən
razı qaldım”.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Teqlər: