Bakıdakı Milli Gimnastika Arenasında çıxış etmək böyük şərəfdir – gənc azərbaycanlı idmançı

Bakıda Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün böyük
şərəfdir.

Bu barədə Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı
birinciliyinin iştirakçısı, Bakı Gimnastika Məktəbini təmsil edən
gənc idmançı Zəhra Tahirova deyib.

“Dörd yaşımdan idmanla məşğulam, ilk dəfə gimnastların
çıxışlarını televiziyada görmüşəm. Onların hərəkətləri məndə elə
təəssürat yaratdı ki, mən də məşq etmək istədim, anam bu işdə mənə
dəstək oldu. Cəmi 10 yaşım olmasına baxmayaraq, artıq həm
Azərbaycanda, həm də xaricdə – Gürcüstanda, Estoniyada,
Macarıstanda və Monteneqroda keçirilən bir çox yarışlarda iştirak
etmişəm, medallar qazanmışam”, – deyə gənc idmançı bildirib.

Zəhra Tahirovanın sözlərinə görə, yarışların onun üçün böyük
əhəmiyyət kəsb etməsinə baxmayaraq, o, həyəcanın öhdəsindən gəlməyi
öyrənib.

“Birincilik mənim üçün son dərəcə vacibdir, bu yarışların
ciddiliyini başa düşürəm, amma döşəyə çıxanda heç bir həyəcan hiss
etmirəm. Tamaşaçıların dəstəyi mənə emosiyalarımın öhdəsindən
gəlməyə kömək edir, məşqdə olduğum kimi çıxış etməyə çalışıram”, –
gənc gimnast əlavə edib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

Teqlər: