Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Linkoln”la (Cəbəllütariq) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib:
“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.