Bakıdakı konfransda rekord sayda ölkə iştirak edir – Nazir

Bakıdakı konfransda rekord sayda ölkə iştirak edir – Nazir

Bakıda keçirilən MINEPS VII konfransında rekord sayda ölkə iştirak edir.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində baş tutan nazirlərin görüşündə deyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi bu tədbirin təşkilatçılığı ilə bağlı müsbət rəy alır.

Onun sözlərinə görə, konfransa hazırlıq hələ 2022-ci ildə başlayıb və geridə qalan müddətdə xeyli iş görülüb.

F.Qayıbov “Fit for Life” təşəbbüsünün əhəmiyyətini də vurğulayıb:

“Biz bu məsələdə ümumi məqsədlərə can atırıq. Ümid edirəm ki, bugünkü qərarlar ölkələrimizdə idmanın inkişafına töhfə verəcək”.

Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir. Konfransda və onunla əlaqədar tədbirlərdə ümumilikdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli şəxs, eləcə də 540-dan çox nümayəndə iştirak edir.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.

Teqlər: