Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır – Litva gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Bakıdakı bədii gimnastika üzrə Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır.

Bunu AzerTimes-a Litva gimnastı Fausta Sostakayte deyib.

O, bu yarışlarda iştirak etməkdən məmnun olduğunu deyib:

“Milli Gimnastika Arenasında ən yaxşı şərait yaradılıb, təşkilatçılıq səviyyəsi yüksəkdir, ən xırda detallar belə diqqətə alınıb. Bizim yarışlara hazırlaşmaq üçün yaxşı imkanlarımız var idi”.

Gimnast bildirib ki, yarışda böyüklər yaş kateqoriyasında ilk dəfə çıxış edir:

“Bugünkü proqramımda bir sıra səhvlərə yol verdim, indi onların üzərində işləmək lazımdır”.


Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: