Bakıda zəlzələdə bilirsiniz nə etməliyik? – Heç nə…

Bakıda zəlzələdə bilirsiniz nə etməliyik? – Heç nə…

Bakıda gecə saatlarında baş verən zəlzələ böyük panika üçün heç bir səbəb vermirdi: cəmi 4-5 ballıq, 5-6 saniyəlik silkələnmə, ikinci zərbəsinin və avterşokların ümumiyyətlə hiss edilmədiyi, adidən bir az yuxarı təkanlar idi.

Amma insanlar panikaya düşdü – bütün küçələr insanlarla doldu, hətta gecəni həyətdə keçirənlər və yaxud həyət evində yaşayan qohumlarıgilə qaçanlar da az deyildi.

Bu zəlzələ bir həqiqəti üzə çıxardı: yeraltı təkanlar və panika zamanı insanların qaçıb sığınacağı yer lazımdır.

Bütün “zəlzələ təlimatları”nda deyilir ki, zəlzələdə aşağı mərtəbədə yaşayan sakinlər ilk fürsətdəcə mənzillərini tərk etməli və binadan uzaqlaşmalıdır.

Ötən gün gecə yayılan fotoları, videoları izləyə bilərsiniz: əksəriyyət 18-20 mərtəbəli göydələnlərin dar, həyat adına təhqir sayılan dalanlarına basırıq salmışdılar. Əminəm ki, ikinci dalğa – hətta lap yüngül olsa belə – hiss edilsəydi, həyətdə insanlar qaçışıb, bir-birinin üstünə çıxıb, basırıq salacaqdılar – bəlkə də boğulub ölənlər də olacaqdı.

Çünki Bakıda tikinti normaları belədir: binanın digər bina ilə arasındakı məsafə hündürlüyünün 1/3-nə bərabər olmalıdır. Yəni əgər binanın hündürlüyü 45 metrdirsə, onun qonşu bina ilə arasındakı məsafə 15 metr olsa, bəsdir.

İndi təsəvvür edin ki, bütün Bakıda göydələnlər 10-15 metr məsafədə bir-birinin böyür-başında sıralanmaqdadır – əsl domino effektidir…

Əslində bu mənzərənin özü belə dəhşətdir: bir göydələndə, məsələn, 200 ailənin məskunlaşdığını düşünüb, qonşu bina ilə arasındakı 10-15 metrlik məsafənin “həyət” adlanmasını təsəvvür edirsinizmi? Bunun parkinqi, su hovuzu, zibil qabları guşəsi, mühafizəçi köşkü var… Bunları nəzərə alanda, həyət yox, bloka getmək üçün cığırdan danışmaq lazım gəlir. Ancaq məsələ burasındadır ki, bir çox ərazidə heç binalar arasında “qaydalara uyğun” məsafə də qoyulmur – məsələn, Yeni Yasamalda…

O bina sıxlığında zəlzələ zamanı hara qaçmaq, harda daldalanmaq, harda qorunmaq mümkündür?

Dəfələrlə müşahidə etmişik ki, zəbt olunan piyada səkiləri yolun daraldılması hesabına yenidən yaradılıb və dəhşət odur ki, həmin səkilər bir daha zəbt edilib.

İcra hakimiyyətləri, bələdiyyələr yolkənarı obyektlərin, tikinti şirkətlərinin səkizəbetmə əməliyyatlarına bəlli səbəbdən “yaşıl işıq” yandırırlar, nəticə də olur bugecəki mənzərə…

Bakıda o qədər sıxlıq yaradılıb, binalar bir-birinə o qədər bitişib, yollar o qədər daraldılıb ki – Allah eləməmiş, hər hansı yüngül qopma, dağılma olsa, binaların həyətinə “təhlükəsizliyə” qaçan insanların halı nə olacaqdı?

Əlbəttə ki, hər bir olay görk, nəticə çıxarmaq üçündür; əlbəttə ki, biz də bugecəki olaydan nəticə çıxarmalıyıq. Mümkündürmü?

Qətiyyən! Bütün boş sahələr tutulub, göydələnlər ucaldılıb. Bu fəsadları aradan qaldırmaq, Bakıda ötən əsrin 70-ci illərində mövcud olan 15 hektar yaşıllığın məhv edilən 14,1 hektarını bərpa etmək mümkün deyil.

Ona görə zəlzələ zamanı bilirsinizmi nə etməliyik?

Heç nə! Dua etməliyik ki, Bakıda zəlzələ olmasın!

Teqlər: