Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələnib.
Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə “Havanı kim çirkləndirir?” aksiyasına start verilib. Layihə çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.
Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.