Xəbər - Samir Əli – Trend:
Qaradağ rayonunda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu bardə AzerTimes-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
Şöbə rəisi bildirib ki, Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də 1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi “Ford Transit” markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi “Howo” markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq onunla toqquşub:
“Qəza nəticəsində “Ford” markalı nəqliyyat vasitəsində olan sərnişinlər – 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alaraq xəstəxanaya daxil olub. İlkin məlumata görə, hadisənin baş verməsinə “Ford” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Son vaxtlar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri üzrə aparılan araşdırmalar göstərir ki, bir çox qəzalara sürücülərin sükan arxasında yuxulaması səbəb olur. Təəssüf ki, sükan arxasına keçən şəxslər bu kimi məqamlara diqqətsizlik etməklə yalnız özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar.
Baş Dövlət Yol Polisi İdarəsi, belə ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edir. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz”.