Bakıda yeniyetmə oğlu tərəfindən öldürülən ata narkotik aludəçisi imiş

Xəbər - Samir Əli – Trend:

Abşeron rayonunda yeniyetmə oğlanın atasını qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AzerTimes-ın məlumatına görə, oğlu tərəfindən öldürülmüş şəxs narkotik aludəçisi olub. 1981-ci il təvəllüdlü həmin şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin aludəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi məhkumluq həyatı yaşayıb. Atanın azyaşlı oğlu tərəfindən bıçaqlanması məhz bu səbəbdən baş verib. Məlumata görə, narkotik aludəçisi olan bu şəxs narkotik almaq və istifadə etməklə bağlı evində mütəmadi mübahisələr yaradıb. Növbəti dəfə də o ailə üzvləri ilə bu məqsədlə mübahisə edib və nəticədə 2004-cü il təvəllüdlü oğlu tərəfindən bıçaqlanıb.

Xatırladaq ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü ata evində bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Teqlər: