Bakıda yeni vəkil bürosu açılıb (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

8 dekabr 2021-ci ildə “Kamandar Nəsibəv və Partnyorları” Vəkil Bürosunun (KNP) rəsmi açılış mərasimi baş tutub.

Trend-in məlumatına görə, “Kamandar Nəsibəv və Partnyorları” Vəkil Bürosu 2021-ci ilin aprel ayından etibarən yeni ofisində fəaliyyət göstərir. Büronun rəhbəri və təsisçilərindən biri tanınmış vəkil və 1993-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur.

Vəkil Bürosunun yaradılmasının məqsədi peşəkar vəkillər və xüsusilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni üzv olmuş gənc vəkil və hüquqşünasların fəaliyyəti üçün müvafiq şəraitin yardılmasıdır. Belə ki, müasir və minimalist dizayna malik olan yeni ofisdə müasir texnoloji avadanlıqlarla yanaşı 25-dən çox vəkil və onların köməkçiləri üçün iş kabinetləri və fəaliyyətlərini həyata keçirmək üçün tələb olunan bütün şərait mövcuddur. Yeni tikilmiş binada yerləşən KNP Vəkil Bürosunun dizaynı tanınmış arxitektor tərəfindən xüsusi olaraq Büronun fəaliyyət növünün özəllikləri nəzərə alınmaqla yaradılmışdır.

İki mərtəbədən ibarət olan ofisdə vəkil kabinetləri, kiçik və böyük iclas otaqları, müştərilər və qonaqlar üçün gözləmə zonaları, arxiv, hər mərtəbədə mətbəx, dincəlmə otaqları və muzey yaradılmışdır. Kabinet və iclas otaqları müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub. İclas otaqlarında video konfrans, təlim, təqdimat, offlayn və onlayn iclasların keçirilməsi üçün audio və video konfrans imkanı olan müasir, yüksək keyfiyyətli audio avadanlıq, əllə toxunuluşlu (touch screen) və qələmli lövhə funksiyalı böyük ölçülü monitorlarla təhciz olunub. Belə bir Vəkil Bürosunun yaradılması Azərbaycanda ilk dəfə həyata keçirilir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə ofisdə Dünya Vəkillik tarixinin simvolu olan Dünya Vəkil Cübbələri Muzeyi yaradılmış və dünyanın müxtəlif ölkələrindən Vəkil cübbələri (Mantiya) gətirilmişdir. Muzeydə olan Cübbələr müxtəlif ölkələrin Vəkil Kollegiyaları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbyacan Səfirlikləri və xarici ölkələrdə yaşayan həmyerlilərimizin dəstəyi və səyi nəticəsində əldə edilmişdir. Muzey gənc hüquqşunaslar və tələbələr üçün əhəmiyyətli məlumat mənbəyi olacaqdır. Dekabr ayının 17-28 tarixləri arasında Muzey Mərkəzində Dünya Vəkil Cübbələri sərgisi keçiriləcək. Gələcəkdə isə sərbəst fəaliyyət göstərən Vəkil, Hakim Cübbələri və vəkillik simvolikalarından ibarət Muzeyin yaradılması planlaşdırılıb.

Qeyd olunanlarla yanaşı, büronun tərkibində Balıqqulağı (Sea shells) muzeyi də fəaliyyət göstərir. Büronun əməkdaşlarının dincəlməsi üçün “okean dərinliklərinə” baş vuraraq, dəniz səsini dinləyərək mənəvi dincəlmək imkanı olacaq. Muzeyin kolleksiyasında 10 minə yaxın eksponat yerləşir. Muzeydə yerləşən böyük monitorda okean dərinliklərinin sirli dünyası ilə tanışlıq 8K videosu nümayiş olunur.

Kamandar Nəsibov 1989-cu ildə Rusiya Federasiyası Perm Dövlət Universietetini bitirmiş, 1993-ci ildən peşəkar vəkil olaraq fəaliyyət göstərir. O hüquq elmləri üzrə fəlsəfə doktoru, fəxri hüquq doktoru, Vəkillər Kollegiyasının yaradıcısı və fəxri üzvüdür. Vəkillər Kollegiyası tərəfindən çoxsaylı fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Cənab Nəsibov Respublikamızda və onun hüdudlarından kənarda Azərbaycan vətəndaşlarının və hüquqi şəxlərinin maraqlarını qoruyur. KNP Vəkil Bürosu cinayət, mülki, tikinti, kommersiya hüququ ilə yanaşı bütün sahələrdə hüquqi xidmətlər təklif edir.

Teqlər: