Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib (FOTO)

Yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə
Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə
verilib.

Trend xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş və
dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə
inşa edilmiş yeni müəssisələrdə məhkumların müasir tələblərə uyğun
şəraitdə saxlanılması, islahı, faydalı əməklə məşğul olmaları,
asudə vaxtlarını səmərəli keçirmələri, təhsil və peşə ixtisaslarına
yiyələnmələri, cəmiyyətə reinteqrasiyası üçün lazımi infrastruktur
yaradılıb və artıq məhkumların yeni müəssisələrə köçürülməsi tam
başa çatdırılıb.

Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar
müəssisələrdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə
Ədliyyə Nazirliyi tərəfindən aprelin 15-də geniş ictimai təqdimat
keçirilib, media-tur təşkil olunub.

İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar
xidmətin aidiyyəti məsul işçiləri, İnsan hüquqları üzrə Müvəkkil
(Ombudsman), Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının,
Mediasiya Şurasının rəhbərliyi, beynəlxalq qurumların təmsilçiləri,
hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın
üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media
nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müəssisələrdə yaradılan şəraitlə
tanış olublar.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq
ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan
islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti
təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların
hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər
təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər
görülür.

Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış
yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və
bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması
istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat
qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar
Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa
olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı
qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Bu sahədə görülən tədbirlər çərçivəsində cəmiyyətimizin həssas
qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün
beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin
inşasına xüsusi əhəmiyyət verilib.

Məlumat verilib ki, ümumi sahəsi 22.600 m2 olan müəssisələr
inzibati binalardan, yataqxanadan, hər cür məişət şəraiti olan
mətbəxdən, yeməkxanadan, ana və uşaq bölməsindən, müvafiq tibbi
avadanlıqla təchiz olunmuş tibbi-sanitar hissədən, məhkumların
yaxınları ilə uzun və qısamüddətli görüş binasından və digər
tikililərdən ibarətdir.

Məhbusların saxlanması və islahı üçün hər cür şərait yaradılıb,
istirahət, psixoloq, ibadət və digər otaqlar ayrılıb. Burada zəruri
ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı da
vardır.

Dövlət başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu
fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı
tapşırıqlarına uyğun olaraq yeni müəssisədə məhkumların faydalı
işlə məşğul olmaları üçün toxuculuq, xalçaçılıq, biçmə, tikiş və
şirniyyat sexləri təşkil olunub.
İştirakçılar müəssisədə dövlətimizin humanizm siyasətinə və Vətən
müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərlə tanış
olublar.
Stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham
Əliyevin humanizm siyasətinə, minlərlə ailəyə sevinc bəxş edən və
cinayət törətmiş şəxslərin islahına və cəmiyyətə yenidən
inteqrasiyasına xidmət edən əfv və amnistiya qərarlarının, o
cümlədən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul
olunmuş humanist aktların əhəmiyyətinə həsr olunmuş fotolar nümayiş
etdirilir. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycan Ordusunun zəfər yürüşünü, işğaldan azad olunmuş
torpaqlarımıza müntəzəm səfərlər edilərək həmin ərazilərin
dirçəldilməsi üzrə görülən işləri əks etdirən ekspozisiyalar
yaradılıb.

Sonra məhkumların tibbi təminatı ilə bağlı yaradılan şəraitlə
tanışlıq olub.

Diqqətə çatdırılıb ki, ikimərtəbəli binada fəaliyyət göstərən
müəssisənin tibb-sanitariya hissəsində həkim otaqları, müasir
avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatoloji
kabinetlər, laboratoriya, aptek, pediatr üçün və digər yardımçı
otaqlar yerləşir. Eyni zamanda stasionar bölmə və fərdi girişi olan
izolyasiya üçün palatalar mövcuddur. Binada məhkumların tibbi
müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb.

İctimaiyyət və media nümayəndələri həmçinin, binada məhkumlarla
qısamüddətli görüş, eyni zamanda məhkumların ailə üzvləri ilə 3
günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi,
gəzinti yerləri olan ayrıca otaqlara baxıblar.

Bundan əlavə, müəssisələrin ərazisində inşa olunmuş məktəb
binaları barədə məlumat verilərək burada məhkumların, xüsusilə
yetkinlik yaşına çatmayanların təhsil və peşə ixtisası alması üçün
hər cür şərait yaradıldığı bildirilib.

Müəssisələrlə tanışlıqdan sonra akt zalında qadın və yetkinlik
yaşına çatmayan məhkumlarla görüş keçirilib.

İctimai təqdimatın əsl Azərbaycan qadının obrazını yaradan, əziz
xatirəsi daim qəlblərdə yaşayan görkəmli oftalmoloq-alim,
Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə
xanım Əliyevanın anım gününə təsadüf etdiyi vurğulanaraq bununla
bağlı Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlərdən bəhs
olunub. Bildirilib ki, ədliyyə işçiləri Fəxri xiyabanda Zərifə
xanım Əliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla yad
ediblər.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Ana”
şeirinin və Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısının
səsləndirilməsi ilə başlayıb.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr
idarəsinin rəisi Aynur Sabitova və Penitensiar xidmətin rəis
müavini Oqtay Məmmədov tədbir iştirakçılarını salamlayaraq
penitensiar sistemdə həyata keçirilən islahatların, məhkumların
saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin
ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara
uyğun inkişafına göstərdiyi xüsusi qayğının və həssas münasibətin
əyani təzahürü olduğunu, yeni penitensiar müəssisələrin
tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli
islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini
vurğulayıblar.

Eyni zamanda Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların
cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqinə önəm
verərək bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə
ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub, yeni
müəssisələrdə məhkumların özfəaliyyət dərnəyinin yaradıldığı
bildirilərək, “Ümidli gələcək” Sosial Təşəbbüslər ictimai birliyi
tərəfindən dərnəyə musiqi alətləri hədiyyə olunub.

Tədbirdə İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə
Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin
sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hüquq
müdafiəçisi Səadət Bənənyarlı və digər şəxslər çıxış ediblər.

Çıxış edənlər müasir penitensiar müəssisələrin istifadəyə
verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla
penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata
keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına
yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs
edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını
ifadə ediblər. Vurğulayıblar ki, Azərbaycanda insan hüquqlarının
təmin edilməsi əməldə özünü göstərir. İstifadəyə verilmiş yeni
müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.

Sonra görüş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr
olunan ədəbi-bədii tədbirlə davam edib, məhkumlar üçün həmçinin,
ehsan süfrəsi təşkil olunub.

Teqlər: