Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya
tikilir.
“Azərenerji”dən AzerTimes-a
verilən məlumata görə, bununla da, Bakı şəhərinin elektrik enerji
təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq
yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə
tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan
biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik
sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək
yenidən inşa edilir. “Azərenerji”nin balansında olan
yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla
yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq
paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur.
Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt
amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada
yeni idarəetmə mərkəzi tikilir.
“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur
Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza,
mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz
olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin
idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması,
açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə
avtomatik həyata keçiriləcək.
Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə
əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü
“Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal”
Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin
çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu
yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında
istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin
optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı
elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin
azaldılmasına nail olunacaq.