Bakıda yarışların təşkili çox gözəldir – ABŞ gimnastı

Bakıda yarışların təşkili çox gözəldir, burada özümü əla hiss
edirəm.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə
FIG Dünya kubokunun iştirakçısı, ABŞ gimnastı Evita Qriskenas
deyib.

“Milli Gimnastika Arenasında birinci dəfə deyil ki, çıxış
edirəm. Bu zalda çıxış etməyi sevirəm, tamaşaçılar hamını
dəstəkləyir, bu mühitdə xalçaya çıxmaq çox xoşdur”, – deyə o
bildirib.

Gimnast yarışların birinci günündə çıxışından razı qaldığını
vurğulayıb.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku
yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu
növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: