Bakıda yanan evdən meyiti tapılan şəxs ruhi əsəb xəstəsi olub – Hadisə yerindən görüntülər (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakıda səhər saatlarında yanğın baş verən evin sahibi ruhi əsəb
xəstəsi olub.

AzerTimes-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,
mənzildə yanan ev sahibi 1970-ci il təvəllüdlü Jukov Leonid
Yuriyeviç uzun müddət Səhiyyə Nazirliyinin 1 saylı Ruhi Əsəb
Dispanserində uzun müddət müalicə alıb.

Qonşuların dediyinə görə, ailəsindən ayrılan Leonid Jukov evdə
anası ilə yaşayırmış: “8 ildən artıq idi ki dispanserdə müalicə
alırdı. 5 ay əvvəl dispanserdən çıxdı. Həmin vaxta qədər evdə anası
yaşayırdı. Leonid dispanserdən gələndən bir neçə gün sonra anası
Hövsan qəsəbəsinə, nəvəsinin yanına köçdü. Həmin vaxtdan Leonid
evdə tək yaşayırdı. Müalicələr nisbətən müsbət təsir etmişdi. Heç
bir qonşu ilə münasibət qurmurdu. Sadəcə bilirdik ki, belə bir
qonşumuz var, burda yaşayır”.

Qonşular deyirlər ki, təxminən 10 gün əvvəl də həmin mənzildə
yanğın olub.

10 gün əvvəl axşam saatları idi. Evdə yanğın başladı.
Yanğınsöndürmə briqadalarının köməyi ilə yanğının qarşısı alındı.
Həmin yanğından sonra onu heç kim görmürdü. Evdən çıxmırdı. Bu gün
səhər saat 07 radələrində evdə yenidən yanğın başladı. Fövqəladə
Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürsə də məlum
oldu ki, Leonid evdə yanıb ölüb”,-deyə qonşular bildirib.

Qonşular iddia edir ki, Leonid Jukov əvvəllər narkotik
aludəçiliyindən də əziyyət çəkirmiş. Bir müddətdən sonra isə ruhi
əsəb xəstəliyinə tutulub.

Xatırladaq ki, yanğın hadisəsi bu gün səhər saatlarında Bakının
Nəsimi rayonu, Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış
binasının 3-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 32
kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının, dəhlizinin yanar
konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb. Yanğın
yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov
Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi
yanğından mühafizə olunub.

Teqlər: