Bakıda xalçaya bənzəyən ilk “yaşıl göydələn” – Foto

Bakıda xalçaya bənzəyən ilk “yaşıl göydələn” – Foto

Bakıda hündürlüyünə görə 5-ci yerdə qərarlaşan, milli dəyərlərimizin elementlərini üzərində əks etdirən göydələn Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inzibati binasıdır.

AzerTimes xəbər verir ki, bina “SOFAZ tover” adlanan bina Heydər Əliyev prospekti 165 ünvanında yerləşir.

Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu il dekabr ayının 29-da göydələnin təməlqoyma mərasimi keçirilib. Tam 5 il sonra eyni gündə binanın açılış mərasimi baş tutub.

“SOFAZ Tover”Azərbaycanın Təbriz, Şirvan, Gəncə, Qarabağ, Qazax, Quba, İrəvan, Bakı və Naxçıvan xalçaçılıq məktəbinin elementləri əsasında dizayn edilmiş ölkənin tarixini və gələcək inkişafını özündə əks etdirən qüllədir.

Binanın tikinti layihəsini Fransanın “İnter Art Etudes” şirkəti hazırlayıb. İnşaat işlərini isə Amerikanın AECOM şirkətinin nəzarətiylə Belçikanın N.V.Besix S.A. şirkəti aparıb.

117 metr hündürlüyə sahib olan bina 24 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. Damda quraşdırılmış mayakı nəzərə aldıqda isə binanın hündürlüyü 140 m, ümumi sahəsi isə 13 000 kv.m-dir. Göydələndə üçmərtəbəli podium, icraçı direktorun ofisinin yerləşdiyi mərtəbə də daxil olmaqla, 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə, kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, restoran və s. var.

Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM) binanın həm dünya, həm də yerli miqyasda ekoloji cəhətdən effektli olmasını müəyyənləşdirib.

Binada yerləşən ofislər A sinfinin standartlarına tam uyğun hazırlanıb və “Yaşıl Bina” (Green Building) kateqoriyasının tələblərinə cavab verir. Layihənin reallaşması isə 85 milyon avroya başa gəlib.

Qeyd edək ki, 2016-cı ildə inzibati bina BREEAM qiymətləndirilməsindən keçib və ölkəmizdə bu metodologiya ilə yaxşı dərəcə əldə edən ilk binadır.

Teqlər: