Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib.
AzerTimes xəbər verir ki, təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya, Şimali Kipr Türk Respublikası daxili işlər naziri Dursun Oğuz, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları “QSC”nin rəhbər vəzifəli şəxsləri də iştirak edib.
Təlim irimiqyaslı fövqəladə hallar zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə cavabdeh qurumlarının xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, irimiqyaslı fövqəladə hadisələr zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.
Əvvəlcə, təlimdə iştirak edən xilasetmə qurumlarının texnika və avadanlıqlarına baxış keçirilib.
Sonra təlim qərargahında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.
Daha sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim planına uyğun olaraq episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 km cənub-şərqdə dağıdıcı zəlzələ baş verib. Şərti zəlzələ nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilir.
Şərti hadisə ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılır.
Dağıntıların miqyası nəzərə alınaraq yardım üçün edilən müraciət əsasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müvafiq qurumlarının qüvvələri hadisə bölgəsinə göndərilir və yerli qurumlarla birgə zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatı icra olunur.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda Azərbaycanın Dövlət bayrağı və TDT-in bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin və Türkiyə Respublikasının təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.
Qeyd edək ki, təlimdə TDT ölkələrinin aidiyyəti qurumlarının ümumilikdə 8 helikopteri və 1 ədəd amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 baş xüsusi təlim görmüş iti və 1180 nəfərdən ibarət canlı qüvvəsi iştirak edib. Həmçinin, təlimdə Azərbaycan FHN-lə yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Azərbaycan Dəmir Yolları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qüvvələri də iştirak edib.