Bakıda Vergi Forumu keçirilib (FOTO)

Fevralın 25-də “İnklüziv və davamlı inkişaf üçün vergi
islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru”
mövzusunda Vergi Forumu keçirilib. Videoformatda təşkil olunmuş
tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi
Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət
vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici
və yerli ekspertlər, iş adamları iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi
məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar
Mövsümov çıxış edib. Vergi sistemində aparılan islahatların ölkənin
iqtisadi inkişaf siyasəti ilə uzlaşdığını qeyd edən Ş.Mövsumov
ölkənin iqtisadi hədəfləri və vergi sistemi qarşısında duran
çağırışlar barədə fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət
büdcəsinin gəlirlərinin artması istiqamətində əldə olunan
nəticələrin arxasında hər bir vergi əməkdaşının gərgin və fədakar
əməyinin dayandığını bildirib. Nazir 2021-ci ildə iqtisadiyyatın
bərpası ilə bağlı atılan addımlara və əldə olunmuş nəticələrə nəzər
salıb, COVID-19 səbəbindən səngimiş iqtisadi fəallığın nəinki bərpa
olunduğunu, eyni zamanda ÜDM-in həcminin daha da artdığını
vurğulayıb.

Nazir bir neçə gün öncə Azərbaycan hökuməti tərəfindən qəbul
olunmuş antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlərə dair sənədə və İqtisadiyyat Nazirliyi
qarşısında duran vəziflərə toxunub. Qeyd olunub ki, hazırda dövlət
tərəfindən bütün mümkün iqtisadi tənzimləmə vasitələrindən istifadə
etməklə qiymətartırıcı amilləri sabitləşdirməyə, inflyasiyanı
cilovlamağa, istehsalçıların və idxalçıların mənafelərinin, eləcə
də vətəndaşların sosial rifahının qorunmasına yönəldilmiş tədbirlər
həyata keçirilir. M.Cabbarov 2022-2026-cı illər üçün
sosial-iqtisadi inkişafa dair yeni inkişaf strategiyasındakı əsas
hədəfləri və bu istiqamətdə görüləcək işləri, eləcə də ortamüddətli
dövrdə vergi siyasətinin qarşısında duran prioritet məsələləri
diqqətə çatdırıb.

Konfransda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli
təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan
islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Təqdimatda
fiskal göstəricilər sahəsində əldə olunan nəticələr, “kölgə
iqtisadiyyatı” ilə mübarizə, vergi xidmətində rəqəmsallaşma,
perspektiv layihələr, ortamüddətli perspektivdə vergi siyasətinin
əsas istiqamətləri barədə geniş məlumat verilib.

Qeyd olunub ki, vergi ödəyicilərinə xidmətlər çeşidinin və
biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında
rəqəmsallaşmanın genişləndirilməsi ölkənin vergi orqanlarının
fəaliyyətinin başlıca prioritetlərini təşkil edir. Həyata keçirilən
təşviq əsaslı vergi siyasəti və risk əsaslı nəzarət çərçivəsi
biznesin vergi öhdəliklərinin sabit artımına şərait yaradır.

Sonra Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA)
icraçı katibi Alix Perrignon de Troyes, Dünya Bankının Azərbaycan
üzrə ölkə meneceri Sarah Maykl, millət vəkili, Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin
rəisi Nicat İmanov, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi
Babayev, Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov,
Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin rəisi Elçin
Ağakişiyev, Ernst & Young şirkətinin Partnyoru Arzu Hacıyeva,
“Kapital” Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev,
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin
sədri Cemal Yangın, “Azerconnect” MMC-nin baş direktoru Emil
Məsimov, Azərbaycan Fermerlər Assosiasiyasının rəhbəri Pərviz
İlyasov, “Şamaxı Dairy Farm” MMC-nin rəhbəri Fuad Məmmədov müxtəlif
mövzularda çıxış ediblər.

Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes
mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara
uyğun həyata keçirilməsi və vergi inzibatçılığının
təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib,
əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq
islahatlara dair təkliflərini səsləndiriblər.

Tədbirdə müzakirələr aparılıb və sahibkarların sualları
cavablandırılıb.

Teqlər: