Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə məsul nazirlərinin iclası keçirilib

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv
ölkələrin İKT üzrə məsul nazirlərinin (ad hoc) iclası
keçirilib.

AzerTimes-ın məlumatına görə, tədbiri Azərbaycan Respublikasının
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türk
Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev salamlama nitqi
ilə açıblar.

Rəşad Nəbiyev çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığa, xüsusilə İKT sahəsində iş birliyinə böyük
önəm verdiyini bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiya hökumətin
gündəliyində duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad
edilmiş ərazilərində “ağıllı” şəhər və kəndlərin qurulması, eləcə
də ənənəvi şəhərlərin “ağıllı” şəhərlərə transformasiyası qarşıda
duran əsas hədəflərdir.

Rəşad Nəbiyev TDT ölkələrinin şirkətlərini Azərbaycanda,
xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata
keçirilən “ağıllı şəhər” layihələrində iştiraka dəvət edib.

Nazir vurğulayıb ki, rəqəmsal transformasiyanın genişlənməsi
4-cü sənaye inqilabına keçidlə yanaşı, kibertəhlükələr üçün yeni
sahələr və hədəflər yaradır. Rəşad Nəbiyev kibertəhlükəsizlik
sahəsində, eyni zamanda e-imzaların tanınması ilə bağlı həm
çoxtərəfli, həm də ikitərəfli formatda işlərə başlanılması
təklifini irəli sürüb.

Nazir, həmçinin TDT ölkələri arasında “Mobil Cihazın Qeydiyyatı
üzrə Müştərək Sistem”in yaradılmasının vacibliyinə diqqət
çəkib.

Tədbirdə daha sonra Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədr müavini Ceyhun Salmanov, Qazaxıstanın rəqəmsal
inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdat Mussin,
Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın
təmsilçiləri çıxış ediblər.

Qeyd edək ki, Türkdilli Dövlətlər Təşkilatı türkdilli ölkələrin
dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində
keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən
yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə
təşkilata üzv dövlətlərdir.

Macarıstan və Türkmənistan isə müşahidəçi statusundadır.

Teqlər: