Bakının Ziya Bünyadov prospektində yeraltı yol ötürücülərinin divarlarının “yuyulma prosesi” başlayıb.
AzerTimes xəbər verir ki, körpünü gözəlləşdirmək üçün yuyucu maşın və bir neçə fəhlə təmizləyicilərlə saatlarla divarları sürtməyə məcbur olurlar. Çünki 10 ildir körpü açılsa da, indiyə qədər orada təmizlik aparılmayıb və nəticədə bəyaz divarlar qap-qara olub.
Təmizlik yaxşıdır, xüsusilə COP-29-a hazırlaşan Bakı şəhərində bu cür “iməcilik” ürəkaçıcıdır. Ancaq məsələnin qəribəlikləri də var.
Əvvəla, yeraltı yol ötürücüsü – tunel-körpü adətən nəqliyyatın hərəkətinin gur vaxtında yuyulur, yuyucu maşın və fəhlələr üçün ən azı bir zolaq ayrılır ki, bu da tıxacın yaranmasına kifayət edir.
İkincisi, nədənsə körpüyuyanlar istirahət və bayram günlərində işləmirlər – yəqin istirahətə çıxırlar. Halbuki şəhər nəqliyyatındakı hazırkı dözülməz şəraitə görə sıxlığın daha az olduğu saatlar – gecə saatları və bayram günləri də seçilə bilərdi.
Üçüncüsü, yuma prosesi nizamsız aparılır. Yol ötürücüsü-tunel “parçalara bölünərək” yuyulur. Məsələn, 10 metrlik hissə yuyulub, 10 metrlik çirkli qalıb və sonra daha 10-15 metrlik hissə yuyulub və s. Nəticədə eybəcər bir mənzərə ortaya çıxıb.
Və nəhayət, dördüncüsü: adətən, şəhərdə təmizlik işləri yaz yağışları ötəndən sonra başlayır və üzü yaya doğru gedir. Çünki yaz yağışları görülən işin içinə dərhal zibil və palçıq qoyur. Amma nədənsə Ziya Bünyadov prospektində tunel-körpülərin yuyulmasına fevralda başlanılıb və davam edir. Və iş “davam” etdikcə də az öncə yuyulanları yaz yağışlarının islatdığı asfaltdan maşınların qaldırdığı palçıqlı su “bəzəyir”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verilib.