Xəbər - Aysel Quliyeva -Trend:
Ölkəmizdə son 4 ildə vəkillərin sayı xeyli artıb.
Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Kollegiya sədri bildirib ki, ölkəmizdə son 4 ildə vəkillərin sayı xeyli artıb.
“Bakı şəhərində vəkillərin sayına görə orta Avropa statistikasına yaxınlaşmışıq. Bakıda təqribən 1500 nəfərə 1 vəkil düşür.
Vəkillik azad peşədir, vəkillərə təyinat verilmir .Onlar çalışacaqları yeri özləri seçirlər. Buna görə də Bakıya nisbətən bolgələrdə vəkil çatışmazlığı problemi var və bu ürək açan bir hal deyil”, – deyə A.Bağırov qeyd edib.
Kollegiya sədri bildirib ki, bu gün Azərbaycanda hüquqşunasların sayı başqa ölkələrlə müqayisədə olduqca azdır.
“Araşdırmalarımız əsasında müəyyən etmişik ki, hətta bizdə hüquq məzunları belə digər ölkələrə nisbətən azdır. İstər dövlət orqanlarında, istər özəl sektorda hüquqşünaslara böyük ehtiyac var”, -deyə o əlavə edib.
A.Bağırov xüsusilə vurğulayıb ki, əvvəllər hüquq mühafizə orqanlarında çalışmaq istəyən gənc hüquqşunaslar indi daha çox vəkil olmağa can atır. Eyni zamanda bəzi dövlət qurumlarında çalışan hüquqşunaslar vəkil kimi fəaliyyət göstərməyə üstünlük verir.