Dövlət Su Ehtiyatları Agentliyi Bakının Xəzər rayonu, Zirə qəsəbəsi Müslüm Maqomayev küçəsində Əbülfəz Əlizadəyə məxsus həyət evində suyun talanması faktı aşkar edib.
Bu barədə AzerTimes-a qurumdan bildirilib.
Belə ki, həyət evinin sahibi küçədə yerləşən və yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş hidrantdan həyətinə qanunsuz su xətti çəkib. “Azərsu” ASC-nin əməkdaşlarının diqqətindən yayınmaq üçün hidrantın üzərinə torpaq tökərək onu gizlədib. Həyətində kustar üsulla yaratdığı sudoldurma məntəqəsində oğluna və digər 2 qonşusuna məxsus 3 sudaşıyan maşınla qanunsuz olaraq su satışı həyata keçirib.
Xəzər rayon Sukanal İdarəsinin əməkdaşları faktı aşkar etdikdən sonra torpağın altında gizlədilmiş hidrantı və vətəndaşa məxsus sudoldurucu məntəqəni ləğv edib. Suyun talanması ilə bağlı akt tərtib edilib və faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb.
Qurum bir daha vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında “Azərsu” ASC üzrə 8 899, Xəzər rayonunda isə 999 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.