Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.
Bu zaman Səttar Bəhlulzadə küçəsində 11 obyektin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasında içməli sudan sayğacdankənar istifadə halı aşkarlanıb. Obyektin müqaviləsi və sayğacı olsa da sahibkar magistral yoldakı siyirtmə quyusuna müdaxilə edib, magistral xətdən su götürüb. Həmin binada yerləşən iaşə müəssisələri, mağazalar və xidmət obyektləri qeyri-qanuni çəkilmiş xətdən istifadə edib.
Biləcəri qəsəbəsində Yeni massiv adlanan ərazidə yeni tikilmiş fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Belə ki fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxs yaxınlıqdan keçən magistral su kəmərinə qanunsuz qoşulma verib. Su kəmərini ərazidən keçən dəmir yolu xəttinin altından keçirərək 500 metr uzunluğunda su xətti çəkib. Qanunsuz çəkilmiş xətdən fərdi yaşayış evləri su ilə təmin olunub.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə agentlik bəyan edib.
Bu ilin yanvar-sentyabr aylarında Agentlik üzrə 14 220, Binəqədi rayonu üzrə isə 2 733 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.