Qəzalı vəziyyətdə olduğu üçün söküntüsünə qərar verilən Bakı şəhəri, Nərimanov rayonu Mayakovski-15 ünvanındakı binanın sakinləri redaksiyamıza müraciət edib.
Bina sakinlərinin AzerTimes-a göndərdiyi məktubda bildirilir ki, 1932-ci ildə inşa edilmiş bina bir dəfə də olsun təmir olunmayıb və 12 ildir qəzalı vəziyyətdə olan binalar siyahısına daxil edilib.
“İstismar və iqlim təsiri nəticəsində binanın pilləkən qəfəsləri və eyvanları yararsız vəziyyətə gəlib. İllərdir Nərimanov rayon İcra Hakimiyyəti sakinlərə binanın qısa müddət ərzində söküləcəyi və bizim mənzillə təmin ediləcəyimizi bəyan edir. 2018-ci ildə hətta FHN binanın istismar üçün təhlükəli olması və təcili sökülməsi haqqında xüsusi qərar da qəbul edib.
2022-ci ilin sonunda “qəflətən” BŞİH-in yadına düşdü ki, 5 il əvvəl bina sakinlərinin təhlükəsizliyi üçün FHN tərəfindən binanın sökülməsi ilə bağlı tövsiyə yerinə yetirilməlidir. Nərimanov RİH məmurları bir ay ərzində binanın söküləcəyi, pilot layihənin ləğv edildiyini və sakinlərə 1 kv.m üçün 2000 manat kompensasiya ödəniləcəyi haqqında məlumat verdilər”, – məktubda qeyd edilib.
Sakinlər binanın sökülməsinə görə onlara vəd olunan kompensasiyanın məbləğindən narazılıqlarını bildiriblər:
“Bizim yaşadığımız binada mənzillərin sahəsi kiçik olduğundan kompensasiya məbləğinə bu ərazidə yeni mənzil almaq qeyri-mümkündür. Məsələn, 1 otaqlı mənzillərin sahəsi 15-17 kv.m, 2 otaqlı mənzillərin sahəsi 35-36 kv.m təşkil edir. Ödəniləcək 30-35 minə 1 otaqlı mənzil sahibləri nəinki Nərimanov rayonunda, heç Azərbaycanın ucqar rayonunda belə mənzil ala bilməzlər. Digər 2 və 3 otaqlı mənzil sahibləri də eyni problemlə üzləşiblər. Məhz bu səbəbdən 250 nəfərdən artıq bina sakini (60 mənzil) təklif edilən kompensasiyadan imtina edir və birmənalı olaraq uzun illərdir məskunlaşdıqları ərazidə yalnız mənzillə təmin edilmələrini tələb edirlər”.
Milli Məclisin Nərimanov rayonundan olan deputatı Adil Əliyev və Nərimanov rayon icra başçısı Elgin Həbibullayev də sakinlərlə görüş zaman onların tələblərinin haqlı olduğunu bildiriblər. Buna baxmayaraq, icra başçısı problemin həll edilməsində sakinlərə heç bir kömək göstərə bilməyəcəyini, bunun üçün resuslarının və ya təsir imkanlarının məhdud olduğunu deyib. Başçı kompensasiya məbləğinin Nazirlər Kabineti və BŞİH tərəfindən müəyyən edildiyini vurğulayıb.
“Belə məlum olur ki, əvvəla, kompensasiya məbləğinin hesablanması prosesində Nazirlər Kabineti və BŞİH ərazidə mövcud olan real bazar qiymətlərini nəzərə almayıb. İkincisi isə kompensasiya almaq istəməyən, mənzil tələb edəm əmlak sahiblərinə alternativ təklif imkanları araşdırılmayıb”, – şikayətdə qeyd olunub.
Mənzil sahibləri qapılarının üzərinə yalnız ev istədiklərini və pul kompensasiyası təklifi ilə bağlı onları narahat etməməyi tələb edirlər.