Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində ölkəmizdə məqsədyönlü işlər görülür.
Trend xəbər verir ki, Bakının Sabunçu rayonunun Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin 5A sinfinə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşı Asəf Nəsibovun adının verilməsi də belə tədbirlərdəndir. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda Asəf Nəsibovun həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Qeyd edək ki, Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.