Bakıda silahlı narkobaron dəstəyə qarşı əməliyyat keçirildi, saxlanılanlar var

Xəbər - Samir Əli – Trend:

Bakının Xəzər rayonu Binə qəsəbəsində silahlı narkobaron dəstə
saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumatda bildirilir
ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu
silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı
silsilə əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı
əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbəsi sakini Xanlar
Hacıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1
ədəd lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, həmçinin
5 ədəd həmin silaha məxsus patron aşkar edilib. Saxlanılan şəxs
ifadəsində silahı satmaq məqsədi ilə əldə etdiyini bildirib.
3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər
əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını
həyata keçirən dəstə üzvləri saxlanılıblar.
Belə ki, əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini
Elgün Əliyev saxlanılıb. Onun üzərindən 1 büküm narkotik vasitə
olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri
Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat
zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş
Vidadi Rzayev və onu başçılıq etdiyi narkotik vasitələrin satışını
təşkil edən şəbəkəyə daxil olan qardaşı Namiq Rzayev, eləcə də
tanışı Ceyhun Nurullayev saxlanılıblar. Şəbəkə üzvlərinin üzərindən
və yaşadıqları evlərdən ümumilikdə 2 kiloqramdan artıq narkotik
vasitə olan heroin, tiryək, eləcə də psixotrop maddə olan
metamfetamin aşkar edilib. Əlavə olaraq dəstə üzvü olan Namiq
Rzayevin yaşadığı evdən 1 ədəd istifadəyə yararlı “Walter” markalı
tapança və patron darağı aşkar olunub.
Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan
tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial
şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan
narkotacirlərdən onlayn yolla Xəzər rayonu və ətraf qəsəbələrin
ərazisində satmaq məqsədi ilə alıblar.
Həmçinin, Vidadi Rzayevin yaşadığı evə baxış zamanı narkotik
vasitələri satdığı müxtəlif şəxslərdən bunun müqabilində əldə
etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları aşkar
edilərək götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işləri başlanılıb. Narkotiklərin satışında və qanunsuz olaraq odlu
silah saxlamaqda təqsirli bilindikləri üçün tutulan şəxslərin hər
biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri
seçilib.
Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Teqlər: