Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi

Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Baş Prokurorluğunun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, aparılmış istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.

Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Teqlər: