Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş
çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda
yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı
zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya
yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, icra
hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılan
Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra
Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.
Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli
olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla
bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.
Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının
balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan
sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları
xüsusi olaraq vurğulanıb.
Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə
başlayıblar.