Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinin 1/8 finalında qarşıdurma yaşanıb.
AzerTimes xəbər verir ki, dünən keçirilən qarşılaşmada Gəncəni təmsil edən məşqçilər hakimə etirazlarını bildiriblər. Etiraza səbəb isə hakimin Gəncədən olan boksçu üçün hesab açması (nokdauna düşən boksçu üçün sayım – red.) olub. Məşqçilər bildiriblər ki, guya hakimlər düzgün qərar verə bilmirlər.
Onların etirazından dərhal sonra 10-12 naməlum şəxs yarışın keçirildiyi zala daxil olaraq hakimlərə təzyiq göstərməyə başlayıb. Uzun mübahisədən sonra yarış bərpa olunub və Gəncədən olan idmançı yarışı məğlub başa vurub.
Buna baxmayaraq, zalda olan digər məşqçi və idmançılar baş verən hadisəyə və naməlum şəxslərin zala daxil olaraq gərginlik yaratmalarına etirazlarını bildiriblər. Onların tələbi ilə Gəncədən olan idmançıların yarışdan uzaqlaşdırıldığı bildirilir.
Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Yarışın qaliblərinin adları isə iyunun 22-də bəlli olacaq.