Xəbər - Samir Əli -Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Teymur Mirzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Mirzəyev 7 il müddətinə azadlqıdan məhrum edilib.
Hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. Teymur Mirzəyev dayanacaqda avtobus gözləyən qadına hücum edib.
Zərərçəkmiş qadın DİN-in “102″ Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
Zərərçəkən həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını aldığını deyib.
Hadisə ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.
Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.