Bakıda pomidor ucuzlaşdı

Bakıda pomidor ucuzlaşdı

Rusiya – Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd görmüyündə ölkəmizdən keçib Rusiyaya gedən ağır tonajlı yük maşınlarının yüklərinin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.

Rusiya-Azərbaycan sərhədində Azərbaycandan keçib gedən TIR-lar üçün çəki nəzarətinin tətbiq olunması Dağıstanda bir aydan çox tətil edən TIR sürücülərinin hökumətin qarşısında qoyduğu tələblərdən biri idi. Dağıstanlı TIR sürücüləri əslində “Platon sistemi”inə etiraz olaraq tətilə başlamışdılar və bu aksiya nəticəsində Azərbaycandan Rusiyaya (o cümlədən geriyə) yükdaşımalar həftələr boyu faktiki dayanmışdı. Çünki dağıstanlı sürücülər Azərbaycandan olan TIR sürücülərinin də aksiyaya qoşulmasını tələb edirdi.

Nəhayət dağıstanlı sürücülərin tətili yerli hökumətlə danışıqlardan sonra dayandırıldı. Dağıstan hökuməti “Platon sistemi”inin ləğvinə dair sürücülərin əsas tələbini yerinə yetirmək səlahiyyətində olmasa da Azərbaycanla sərhəddə çəki nəzarətinin gücləndirilməsini təmin etməyə söz verdi. Çünki dağıstanlı sürücülər bildirirdi ki, Azərbaycandan gedən TIR-lar yükü normadan artıq vururlar və nəticədə haqsız rəqabət yaranır.

Mayın 11-də Dağıstan hökumətinin iclasında tətil etmiş sürücülərlə razılaşmaların yerinə yetirilməsi məsələləri müzakirə olunub. Nazirlər kabinetinin sədri Abdusamid Həmidovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanla sərhəddəki postlarda çəki nəzarəti avadanlıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verilib. Qərara alınıb ki, normadan artıq yük daşıyan avtomobillərlə bağlı məsələ respublika ərazisində nizamlanacaq.

Və belə görünür ki, həmin müşavirədən sonra Dağıstanın Azərbaycanla sərhəddəki nəzarət postlarında TIR-ların daşıdığı yüklə bağlı çəki nəzarəti gücləndirilib. Virtualaz.org əməkdaşı Rusiyaya pomidor ixrac edən sahibkarlardan biriylə söhbətləşib, mənbə deyib ki, bir neçə gündür 23 tondan artıq yük vuran Azərbaycan maşınları Rusiyaya buraxılmır.

Nəticədə Azərbaycandan Rusiyaya pomidor daşıyan və normadan artıq yük vuran avtomobillərdən yükün artıq hissəsi boşaldılır, Rusiyaya ixrac olunmaq üçün qablaşdırılmış pomidorlar daxili bazara yönəldilir. Və bunun nəticəsində cəmi bir neçə gün əvvəl Bakı bazarlarında kiloqramı 4-5 manata satılan pomidor 3 dəfə ucuzlaşıb, hazırda kiloqramı 1 manat 30 qəpik-1 manat 50 qəpik arasında dəyişir.

Sahibkarın dediyinə görə, onlar yükü əvvəlcədən qablaşdırmışdılar və Rusiyaya yola salmaq üçün yükləyəndə məlum olub ki, sərhəddə çəki nəzarəti gücləndirilib. Nəticədə daşınma xərclərinin artması sahibkarların Rusiyaya ixrac etdikləri pomidordan əldə edəcəkləri gəlirə təsir edib, onlar malın artıq hissəsini daxili bazarlara yönəldiblər.