Fevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının
polis serjantları 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci
il təvəllüdlü Coşqun Məmmədlinin xidməti vəzifələrini icra edərkən
kəsilmiş-deşilmiş bədən xəsarətləri alması barədə daxil olmuş
məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki,
həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla
özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il
təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək
polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu
müqavimət ğöstərməklə mətbəxdən götürdüyü bıçaqla hər iki polis
əməkdaşına xəsarətlər yetirib hadisə yerindən qaçmışdır.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Aydın
Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də
saat 12 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə
keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın
Babayevin yeri müəyyən edilmiş, sonuncu polis əməkdaşlarına özünü
və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə
partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd
edərkən zərərsizləşdirilərək məhv edilmişdir.
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış
keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama
cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə
qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər
bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd
giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin
tələblərinə uyğun qablaşdırılaraq götürülmüşdür.
Həmçinin, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon
polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq
olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün
barəsində axtarış elan olunmuşdur.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət
işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə
həvalə edilmişdır.
Hazırda istintaq tədbirləri davam etdirilir.