Bakıda partlayış baş verən klub qanunsuz fəaliyyət göstərirmiş

Bakıda partlayış baş verən klub qanunsuz fəaliyyət göstərirmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtdakı “Location” gecə klubunda baş verən partlayışda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

AzerTimes xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Adil Mehdiyevin nümayəndəsi mülki iddia qaldıraraq hər üç təqsirləndirilən şəxsin mülki cavabdeh kimi tanınmasını istəyib. Hakim mülki iddianı qəbul edib və araşdırılması üçün cinayət işinə əlavə edib.

Daha sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən hər üç təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyib.

Rəsul Rəsulov hazırkı mərhələdə ifadə vermək istəməyib. O bildirib ki, vəkili ilə məsləhətləşmədən sonra ifadə verəcək.

Daha sonra sərbəst ifadə verən təqsirləndirilən Orxan Səfərov bildirib ki, bu iş başlanandan özünün təqsirsiz olduğunu deyib: “Amma bunlar nəzərə alınmayıb. Mənim təqsirsiz olmağımla bağlı səbəblər çoxdur. İttiham aktını oxuyanda məlum olur ki, mənə qarşı qərəzli istintaq aparılıb. Orada yazılanların mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, klubun təsisçisi olmayıb:

“Rəsul Rəsulov guya deyib ki, göstərişi məndən alıb. Amma mənim heç bir əlaqəm olmayıb. Mənim təsisçi olmağım barədə heç bir sübut yoxdur. Təsisçi iş üzrə şahid İsrail Usubov olub. 2018-ci ildə İsrail ilə Ayxan çay evi təsis edib və fəaliyyət göstərib. Mənim ora ilə heç bir əlaqəm yoxdur. Mənim İsrail ilə dostluq münasibətim olub. Pandemeya yaranandan sonra Ayxanla İsrailin münasibətləri pozuldu. Bundan sonra Ayxana məxsus olan şirkətin 50 faizi mənim adıma keçdi. Bu da İsrailin təkidi ilə olub. Sonradan çay evi “Pub” kimi fəaliyyət göstərib. Mən orada direktor olsam da, faktiki olaraq bu işi icra etməmişəm. Çünki mən klubun idarəçisi olmamışam. Orada olanlardan mənim xəbərim olmayıb. Partlayış olandan sonra məni təqsirli biliblər”.

Prokurorun suallarını cavablandıran Orxan Səfərov deyib ki, partlayışın əsl günahkarını məhkəmə müəyyən edə bilər.

Təqsirləndirilən şəxsin sözlərinə görə, üst-üstə klubda 3-5 dəfə olub. Qeyd edib ki, orada da qonaq qismində iştirak edib.

Orxan Səfərovun sözlərinə görə, icarəyə götürülən obyektin sahibi ilə heç bir şəriklik əlaqəsi olmayıb: “Mənə ASAN xidmətdə icarə müqaviləsi imzalanmasını deyiblər. Mən də imza etmişəm. Bundan sonra Azərbaycanda olmamışam. Obyektin qurulmasında iştirak etməmişəm. Həmin obyektin gəlirindən mənfəət gözləmirdim. Çünki 2015-ci ildə Kəbədə ziyarətdə olmuşam, içkidən, spirtdən gələn gəliri götürməmişəm. Mən ora heç kimi də işə götürməmişəm, üz-üzə gəlməmişəm, məni heç kim tanımır. Heç kimə də göstəriş verməmişəm”.

O əlavə edib ki, partlayış baş verməmişdən 45 gün əvvəl MMC-nin direktoru vəzifəsindən də çıxıb və ora ilə heç bir əlaqəsi olmayıb.

Orxan Səfərov deyib ki, cinayət işində adıkeçən zərərçəkmişlərin heç birini tanımayıb. Onun sözlərinə görə, klubun alınması ilə bağlı ofisə məlumat gəlib və alınıb: “Şirkət razılıq verib. Bununla bağlı da İsrail Usubov qərar verib. Bütün işləri də onlar edib. Mən heç nə görməmişəm. İşçiləri Rəsul Rəsulov danışıb, götürüb. Gəlirlə bağlı nə olub, heç nə bilmirəm. Heç kim də mənə oradan heç bir vəsait verməyib”.

Təqsirləndirilən şəxs deyib ki, bir dəfə “Location” klubda qonaq qismində iştirak edib.

Hakim onun bundan əvvəl 2-3 dəfə klubda olmağı ilə bağlı verdiyi ifadələrdə dəqiqləşdirmə aparıb. O, klubda olmasını təsdiqləyib.

“Ora gündüz saatlarında getmişdim. Obyektdə heç kim yox idi. Zalda olmuşam, mətbəxə keçməmişəm. Heç bir işə nəzarət etməmişəm. Çünki marağım olmayıb”, – təqsirləndirilən şəxs deyib.

Orxan Səfərov bildirib ki, İsrail Usubovla MMC-yə 50 faiz şərikliyi formal olub və o, klubun işləməsinə heç bir vəsait qoymayıb: “Çünki buradan heç bir maddi gəlir güdməmişəm. Ayxanla arası dəyəndən sonra İsrailin güvənə biləcəyi yaxın adamı olmayıb. Buna görə də formal olaraq mənimlə şərik oldu. Mən yalnız sənədlərə imza atmışam”.

Prosesdə ifadə verən digər təqsirləndirilən Ruslan Məmmədov isə bildirib ki, həmin obyektin VÖEN-i olmayıb.

“Buna görə də biz o obyektdə yoxlama aparmamışıq. Hadisədən bir ay əvvəl o əraziyə təhkim olunmuşam. Həmin obyektdə heç bir yoxlama aparmamışam”, -təqsirləndirilən şəxs deyib.

Proses avqustun 1-də davam edəcək.

Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib

Teqlər: