Xəbər - Samir Əli – Trend:
Bakıda iki azyaşlı övladı ilə birlikdə intihara cəhd edən qadının barəsindəki cinayət işi üzrə istintaq başa çatıb.
AzerTimes-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icratına verilib.
Qeyd edək ki, ötən il dekabrın 20-də Yasamal rayonunda, rayon sakini Nigar Cəfərova azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.
Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
N. Cəfərova barəsində həbs qətimkan tədbiri seçilib.